CƏMİYYƏT
Kiçikhəcmli gəmi istifadəçilərinin maarifləndirilməsi işi davam etdirilir
Bakı, 17 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nazirliyin Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə sentyabrın 17-də Yevlax rayonunun Xanabad kəndində gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçiriblər.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmilərin istifadəçilərinə gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmilərin sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, kiçikhəcmli gəmilərin sürücüləri xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndirilib.
Sonda gəmilərin istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizatı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanıb.