CƏMİYYƏT
Kiçikhəcmli gəmilərin sürücülərinə təhlükəsizlik qaydaları izah edilib
Bakı, 12 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə aprelin 12-də Novxanı qəsəbəsində kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə istifadəçilərə bu tipli gəmilərin təchizat avadanlığının minimum normalarının tələbləri və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması, texniki baxışdan keçirilməsi və gəmi sürmək hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, kiçikhəcmli gəmilərin sürücüləri naviqasiya cihazları, fərdi xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında maarifləndirilib.
Sonda tədbir iştirakçılarına maarifləndirici broşürlər paylanıb.