İDMAN
Kikboksinq üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Bakı, 20 may, AZƏRTAC
Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatları, idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə iştirakçı klubların üzvlərinin iştirakı ilə parad təşkil olunub və Azərbaycanın Dövlət Himni səsləndirilib.
AKF-nin prezidenti Orxan Əliyev tədbirdə çıxış edərək kikboksinqçilərimizin hətta pandemiya şəraitində də yüksək nəticələr göstərdiklərini bildirib.
Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə pandemiyadan sonra qapalı məkanda belə yarışın keçirilməsini bayram adlandırıblar.
AKF-nin fəxri prezidenti və idarə heyətinin sədri Adil Əliyev Vətən müharibəsində qələbənin qazanılmasında rolu olanlara təşəkkürünü bildirib. O, deyib: “Biz müzəffər xalqın övladlarıyıq, bununla fəxr edirik. Məhz Azərbaycanda gənclər, idman siyasəti və ordu quruculuğunun başlandığı vaxt dünyaya göz açan övladlarımız bizə qələbə bəxş etdilər. Hər birimizin borcudur ki, dövlətimizin yürütdüyü siyasəti dəstəkləyək və irəli aparaq. Qarşıda idmançılarımızı böyük yarışlar gözləyir. Ümidvaram ki, komandamız Türkiyədə keçiriləcək İslamiadada uğurla çıxış edəcək”.
Sonra Azərbaycan çempionatının keçirilməsinə verdikləri dəstəyə, eləcə də, bu idman növü üzrə qazandıqları uğurlara görə bir qrup şəxs mükafatlandırılıb. Həmçinin 44 günlük Vətən müharibəsinin şəhidlərinin ailə üzvləri plaketlərlə təltif olunublar.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan çempionatına mayın 22-də yekun vurulacaq. “Low kick və full contact” versiyaları üzrə keçirilən yarışın qalibləri Azərbaycanı avqustda Konyada keçiriləcək V İslam Həmrəylik Oyunlarında təmsil edəcəklər.