REGİONLAR
Kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turniri başa çatıb
Naxçıvan, 16 iyul, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan uşaqlar arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən turnirdə 150-yə yaxın idmançı mübarizə aparıb. Reqlamentə əsasən idmançılar 7-8 (18, 20, 22, 24, 26, 28 və 32 kiloqram), 9-10 (24, 26, 28, 30, 32, 36, 39 və +39 kiloqram) və 11-12 yaş qruplarında (28, 30, 32, 35, 38, 42, 47 və 52 kiloqram) rinqə çıxıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Turniri keçirməkdə məqsəd Yusif Mirzəyevin xatirəsinin yad edilməsi, kikboksinq idman növünün muxtar respublikada inkişaf etdirilməsi, yeniyetmə və gənclər arasında təbliği, kikboksinq üzrə fəaliyyət göstərən bölmələrin və klubların işinin təkmilləşdirilməsi, həmçinin bu növün kütləviliyinə nail olunmasıdır.