İDMAN


Kikboksinqin K-1 versiyası üzrə peşəkarlar arasında beynəlxalq turnirin qalibləri müəyyənləşib

Bakı, 21 avqust, AZƏRTAC 

Azərbaycan Kikboksinq Federasiyasının, Gənclər və İdman Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq idmanının K-1 versiyası üzrə peşəkarlararası beynəlxalq turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı dənizkənarı bulvar ərazisində təşkil olunan turnir “Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı” şüarı ilə keçirilib.

Yarışda Azərbaycandan 17, Gürcüstandan 2 və Pakistandan 1 idmançı olmaqla, ümumilikdə, 20 peşəkar kikboksinq ustası reytinq döyüşlərində mübarizə aparıb. Kikboksçular yeddi çəki dərəcəsində və beynəlxalq kikboksinq qaydalarına uyğun olaraq yarışıblar.

Hər biri üç raunddan ibarət olan qarşılaşmalarda 57, 60, 63, 67, 75, 86 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində yüksək ustalığa malik peşəkar kikboksçular mübarizə aparıblar.

Turnirdə, həmçinin K-1 versiyası üzrə dünya oyunları kəməri, Azərbaycan kəməri və Dünya Kikboksinq Təşkilatları Assosiasiyası-WAKO-PRO versiyası üzrə K-1 versiyası üzrə qitələrarası kəmər uğrunda üç döyüş keçirilib.

İlk döyüşdə 60 kiloqram çəki dərəcəsində K-1 Dünya kəmərinin müdafiəsi uğrunda gürcüstanlı rəqibi Vaso Papaskiri ilə üz üzə gələn Azərbaycan təmsilçisi Emil Hacıyev qalib gələrək kəməri özündə saxlamağı bacarıb.

Bundan başqa, 57 kiloqram çəki dərəcəsində çıxış edən Əsgər Rəhimov Qəzənfər Yazımov ilə qarşılaşmadan qalib ayrılıb.

Azərbaycan kəməri uğrunda görüşdə Arzuman Tağıyev (60 kq) Ramiz Məmmədovu məğlub edib. Camal Məmmədov (57 kq) isə Nurlan Məmmədov üzərində qələbə qazanıb.

“WAKO K-1” üzrə beynəlxalq kəmər uğrunda mübarizə aparan Nahid Əsədov (86 kq) Gürcüstandan olan rəqibi Beka Giorgadzeni məğlubiyyətə uğradaraq adını qaliblər sırasına yazdırıb.

Yarışda 63 kiloqram çəki dərəcəsində Məmməd Əmrəliyev Ruslan Nağıyevə, 67 kiloqram çəki dərəcəsində isə Vaqif Bəhlulzadə Raul Məmmədova qalib gəlib. 67 kiloqram çəki dərəcəsində pakistanlı Fazil Xan ilə qarşılaşan Elnur Mahmudov rinqdən xal fərqi ilə qalib ayrılıb.

Həmçinin 75 kiloqram çəki dərəcəsində İbrahim Şirəliyevi Elxan Əliyev, Emin Əsədovu isə Elnur Kamalov məğlub edərək Fəxri kubokun sahibi olublar.

Gecənin sonuncu döyüşündə ağır çəki dərəcəsində mübarizə aparan Ramin Səlimov Fuad Haşımiyə məğlub olub.

Xatırladaq ki, turnirin keçirilməsində məqsəd kikboksinq idmanının təbliği, gənclərin sağlam və milli ruhda yetişməsidir. Ötən il Sumqayıtda 28 May - Respublika Gününə həsr edilmiş kikboksinq üzrə peşəkarlar arasında turnir təşkil edilmişdi. Bu ilin iyulunda isə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin idmançıları arasında keçirilən beynəlxalq kikboksinq turnirində Azərbaycan millisi birinci yerdə qərarlaşmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.