ELM VƏ TƏHSİL
Kilsədağ məbəd kompleksində arxeoloji qazıntı işləri davam edir
Bakı, 28 iyun, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbəd kompleksində aparılan arxeoloji qazıntı işləri ilə yerində tanış olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Abbas Seyidov Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi ilə aparılan qazıntı işləri ilə bağlı lazımi məsləhətlər verib. N.Alışov qazıntı işləri haqqında geniş məlumat verib və bildirib ki, eramızın ilk əsrlərinə aid olan dairəvi formalı məbəd kompleksi Qafqaz Albaniyası dövlətinin mövcud olduğu dövrlərə aid maddi-mədəniyyət qalıqları ilə zəngindir. Kompleks ərazisində yeni aşkara çıxarılan oval formalı ictimai binanın divar qalınlığı 1,40, uzunluğu 21, eni 12 metrdir.
Komplekslə tanışlıqda arxeoloq-alim, professor Qafar Cəbiyev də iştirak edib və ekspedisiya üzvləri ilə fikir mübadiləsi aparıb.
Kilsədağ məbəd kompleksində arxeoloji qazıntı və tədqiqat işləri davam edir.