DÜNYA
Kim Çen In ABŞ-ın yeni administrasiyası ilə qarşıdurmaya hazır olduğunu deyib
Bakı, 18 iyun, AZƏRTAC
KXDR lideri Kim Çen In Şimali Koreyanı ABŞ-ın yeni administrasiyası ilə həm dialoqa, həm də konfrontasiyaya hazır olmağa çağırıb.
AZƏRTAC Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, Kim Çen In bu barədə KXDR Əmək Partiyası Mərkəzi Komitəsinin plenumunda çıxış edərkən deyib.
May ayında ABŞ Prezidenti Cozef Bayden nüvə silahından imtina edəcəyi təqdirdə KXDR lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib. Ağ evin mətbuat katibi Cenifer Psakinin sözlərinə görə, ABŞ-ın KXDR-ə qarşı yeni siyasət əvvəlki iki prezidentin kursundan fərqlənir. Ağ ev bunun “kalibrlənmiş praktik irəliləyiş” olacağını, Birləşmiş Ştatların Cənubi Koreya və Yaponiya, həmçinin bölgədəki digər müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcəyini bəyan edib.
Xatırladaq ki, ABŞ və Şimali Koreya arasında rəsmi əlaqələr olmasa da, Kim Çen In və ABŞ-ın sabiq Prezidenti Donald Tramp arasında üç görüş keçirilib. Buna baxmayaraq, Kim Çen In 2021-ci ilin əvvəlində ABŞ-ı Şimali Koreyanın bir nömrəli düşməni adlandırıb.