SİYASƏT
Kimmo Klyunen: Dialoq və danışıqlar ittihamlardan daha səmərəli olacaq VİDEO
Strasburq, 30 aprel, AZƏRTAC
Cənubi Qafqazda, Azərbaycan və Ermənistan arasında təhlükəsiz, stabil vəziyyət uzun müddətdən sonra yaranıb. Mən erməni və azərbaycanlı dostlarımı birlikdə masa arxasında əyləşərək dialoqa, danışıqlar aparmağa çağırıram. Birlikdə biz daha səmərəli ola bilərik. Artıq dialoq başlayıb, onu davam etdirmək lazımdır.
Bu fikirləri AŞPA-nın Finlandiyadan olan üzvü və Ermənistan üzrə məruzəçisi Kimmo Klyunen AZƏRTAC-a müsahibəsində deyib.
“Hər zaman dialoq və danışıqların tərəfdarı olmuşam. Hərbi qarşıdurma böyük faciə təhlükəsi yaradır. İttihamlar səsləndirmək bizə heç nə verməyəcək. Mən Ermənistan üzrə həmməruzəçi olduğum üçün dəfələrlə Ermənistan-Azərbaycan sərhədində olmuşam. Orada təhlükəli və həssas vəziyyət hökm sürür. Bu səbəbdən də tərəflər arasında təmaslar, xüsusilə sərhəd məsələlərinin razılaşdırılması mühüm əhəmiyyətə malikdir. Öz adımdan, eləcə də ölkəm Finlandiyanın adından Ermənistanla Azərbaycan arasında yekun sülhə aparacaq bütün danışıqları dəstəkləyirəm. Düşünürəm ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan və Ermənistan təmsilçilərinin üz-üzə oturub onları narahat edən məsələləri müzakirə etməsi üçün bir platforma yaradıla bilər. Bu, sessiyalar zamanı ittihamlar səsləndirməkdən daha səmərəli olacaq”, - deyə K.Kulyunen bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq