ELM VƏ TƏHSİL


Kimya Elmləri Bölməsinin qarşısında duran vəzifələr müzakirə olunub

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda Kimya Elmləri Bölməsinin (KEB) ümumi iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda KEB-in akademik-katibi vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyev “2019 və sonrakı illərdə Kimya Elmləri Bölməsinin qarşısında duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. O, bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı ilə əlaqədar AMEA Rəyasət Heyəti tərəfindən KEB-ə müəyyən tapşırıqlar verildiyini söyləyib.

Qeyd edib ki, bu tapşırıqlarda kimyəvi və texnoloji proseslərin tədqiqində riyazi modelləşmə və informasiya texnologiyalarının geniş istifadəsi, bölmənin institutlarında riyazi kimyanın inkişaf konsepsiyasının hazırlanması, elmtutumlu texnologiyaların işlənilməsinə diqqətin artırılması, beynəlxalq təşkilatların qrant müsabiqələrinə təqdim edilən layihələrin rəqabət qabiliyyətinin artırılması yer alıb. Bundan əlavə, elm və təhsilin inteqrasiyası istiqamətində layihələrin yerinə yetirilməsi, “Web of Science” bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayının artırılması, eləcə də elmin populyarlaşdırılmasına xidmət edən tədbirlərin təşkili tapşırılıb.

V.Fərzəliyev ölkə iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş vəzifələrin icrası üzrə Rəyasət Heyəti tərəfindən AMEA-nın 2019-2020-ci illərə dair tədbirlər planının təsdiq edildiyini də diqqətə çatdırıb. O, tədbirlər planında AMEA-nın institutlarında qabaqcıl ali məktəblərin baza kafedralarının yaradılması təcrübəsinin təkmilləşdirilməsi, alimlərin mövcud dərsliklərin ekspertizası, yeni tədris proqramları, dərslik və dərs vəsaitlərinin yazılmasında, habelə test və imtahan tapşırıqlarının hazırlanmasında iştirakının genişləndirilməsi kimi məsələlərin yer aldığını vurğulayıb.

Akademik AMEA-nın magistraturasında təhsilin keyfiyyətinin yüksəldilməsi və biliklərin qiymətləndirilməsi üçün müasir informasiya vasitələrindən istifadənin genişləndirilməsinin də hədəfləndiyini deyib, magistrantların innovativ elmi-tədqiqat işlərinə cəlb edilməsinin zəruriliyini bildirib.

Alim nanotexnologiyalar və nanostrukturlar, kataliz və yeni materiallar kimyası, neft kimyası və üzvi sintezin 2020-2025-ci illərdə kimya üzrə aparılacaq elmi tədqiqatların prioritet istiqamətləri olduğunu söyləyib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər Dilqəm Tağıyev, Vaqif Abbasov, Adil Qəribov, Əjdər Məcidov, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bəxtiyar Məmmədov və Hafiz Əlimərdanov çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.