ELM VƏ TƏHSİL
Kimya fənni üzrə “Qiymətləndirmə kitabçası” müzakirə edilib
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif “Kimya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə kitabçası” dərsliklə müqayisəli təhlil edilib.
İclasda DİM-lə ekspert kimi əməkdaşlıq etmək istəyənlər üçün elektron qeydiyyatdan keçmiş şəxslər də olub. Onların hər biri əvvəlki iclaslarda təqdim edilmiş meyarlar əsasında onlara tapşırılmış dərsliyin elmi metodik monitorinq nəticələrini təqdim edib. Həmçinin qapalı, cavabı kodlaşdırıla bilən açıq tipli və cavabı yazı ilə ifadə olunan situasiya tapşırıqlarının yazılması tapşırılıb.
Təqdimatlarla bağlı DİM-in təcrübəli ekspertləri fikir bildirib və təkliflər söyləyiblər. Qeyd edilmiş fikirlər dərsliklərin monitorinqində, eyni zamanda “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclasda müzakirələr davam etdiriləcək.