ELM VƏ TƏHSİL
Kimyaçı alimin beynəlxalq ekspert kimi fəaliyyəti sertifikata layiq görülüb
Bakı, 15 fevral, AZƏRTAC
Aşqarlar Kimyası İnstitutunun Üzvi birləşmələrin, aşqarların və sürtkü yağlarının analizi və fiziki-kimyəvi tədqiqi laboratoriyasının kiçik elmi işçisi Mənsurə Hüseynovanın “Applied Organometallic Chemistry” (Tətbiqi metal-üzvi kimya) jurnalındakı ekspert fəaliyyəti sertifikata layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kimyaçı alim jurnalda zərif üzvi sintez vasitəsilə metal-üzvi komplekslərin sintezi və onların quruluşunun, həmçinin fizioloji fəallığının tədqiqinə dair müstəqil ekspert dəyərləndirməsi ilə məşğul olub.
Qeyd edək ki, dünyanın nüfuzlu nəşriyyatlarından biri sayılan “Wiley”in nəşri olan “Applied Organometallic Chemistry” “Web of Science” bazasına daxildir. Jurnalın hər buraxılışında kimyanın aktual nəzəri məsələləri, struktur kimyası, sintez, fiziki və kimyəvi xüsusiyyətlər (reaksiya mexanizmləri daxil olmaqla) və metal-üzvi birləşmələrin praktik tətbiqləri ilə əlaqəli məqalələr yer alır.