Kimyaçı alimlər Rusiyada mükafata layiq görülüblər
AzerTAg.az
Bakı, 27 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Xantı-Mansiysk və Nijnivartovsk şəhərlərində ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Yuqor Dövlət Universitetində və V.İ.Şpilman adına Yerin Rasional İstifadəsi üzrə Elmi-Analitik Mərkəzdə olublar.
Görüşdə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Nümayəndə heyəti Xantı-Mansiyskdə gənclərin VI beynəlxalq elmi-praktik forumunda iştirak ediblər. Akademik Vaqif Abbasov təşkil olunmuş dəyirmi masada müalicəvi Naftalan neftinin tədqiqatının nəticələri haqqında məruzə ilə çıxış edib. Kimya üzrə fəlsəfə doktoru Ayaz Məmmədovun elmi məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Kimya üzrə fəlsəfə doktorları Səbinə Seyidova və Mehriban Nağıyeva “İnnovasiya layihələri” müsabiqəsində məruzələrlə çıxış ediblər.
Müsabiqədə Rusiya Federasiyasının nüfuzlu ekspertləri qiymətləndirmə aparıblar. Qaliblər Azərbaycan və Rusiya Federasiyasının alimləri olub.
Həvəsləndirici yerə layiq görülən Mehriban Nağıyevaya 15 min rubl mükafat verilib. Rusiyanın gənc alimləri 2-ci və üçüncü yerlərə layiq görülüblər. Birinci yerin qalibi Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi Səbinə Seyidovaya 150 min rubl mükafat təqdim olunub.
Konfrans çərçivəsındə Neft-Kimya Prosesləri İnstitutu, V.İ.Şpilman adına Yerin Rasional İstifadəsi üzrə Elmi-Analitik Mərkəz və Rusiya Federasiyasının Reabilitasiya və Kurortalogiya üzrə Milli Tibbi Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.











Xəbərin mətnində orfoqrafik səhv var