Kimyaçı alimlərin əldə etdiyi nəticələr yeni dərman maddələrinin yaradılmasına kömək edəcək
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Türkiyənin Atatürk Universiteti və Rusiya Elmlər Akademiyası Sibir bölməsinin A.Favorski adına İrkutsk Kimya İnstitutunun alimlərinin apardıqları müştərək tədqiqat zamanı mühüm elmi nəticələr əldə olunub.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, kimyaçı alimlərin tədqiqatlar zamanı aldıqları molekulda azot saxlayan 13 ədəd yeni heterosiklik birləşmələrin asetilxolinesteraza və α-qlikozidaza fermentlərinə qarşı fizioloji fəallığı araşdırılıb. Məlum olub ki, bu maddələr Altsheymer xəstəliyi və şəkərli diabet də daxil olmaqla, dünyada geniş yayılan bəzi qlobal xəstəliklərin müalicəsi üçün yeni dərmanların inkişafına kömək edə bilər.
Bu mühüm elmi nəticə məqalə şəklində beynəlxalq bazada referatlaşdırılıb, nüfuzlu “ChemistrySelect” jurnalında birgə müəllifliklə dərc olunub. Məqalə azot əsaslı yeni heterosiklik birləşmələrin sintezi, xarakteristikası, molekulyar dokinqi, asetilkolinesteraza və α-qlikosidazanın inhibə profillərinin qiymətləndirilməsində yeni yanaşmalara həsr edilib.


Xəbərin mətnində orfoqrafik səhv var