MƏDƏNİYYƏT
Kino mövsümü regionlarda davam edir
Bakı, 20 sentyabr, AZƏRTAC
Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci il üzrə inkişafına dair Dövlət Proqramı”na, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbir haqqında” əmrinə əsasən ölkənin hər yerində film nümayişlərinə başlanılıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində də kino mövsümünə start verilib.
Belə ki, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsində, rayonda yerləşən Heydər Əliyev Mərkəzində, Gədəbəy rayon Aşıq Məktəbi və Mədəniyyət Mərkəzində, Göygöl rayonunun Heydər Əliyev və Mədəniyyət mərkəzlərində, Daşkəsən rayonunun Mədəniyyət Mərkəzində kino mövsümünün açılış günü keçirilib. Qeyd olunan hər bir müəssisə üzrə Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyəti də nümayişlərə qatılıb.