MƏDƏNİYYƏT
Kinomatoqrafçılar üçün “Xəzər 2014” proqramı
Bakı, 3 sentyabr (AZƏRTAC). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası Azərbaycan kinomatoqrafçıları ilə Avropa kino istehsalının aparıcı mütəxəssisləri arasında peşəkar görüş keçiriləcəyini elan edir.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, “Xəzər 2014” proqramı adlanan görüş sentyabrın 30-dan oktyabrın 1-dək Nizami Kino Mərkəzində reallaşacaq. Karlovı Varı Beynəlxalq Film Festivalının bədii direktoru Karel Och (Çexiya), prodüser Guillaume de Seille (Fransa), ssenarist, ssenari məsləhətçisi Roelof Jan Minneboo (Niderland) görüşün təlimatçılarıdır. Proqramda “Azərbaycan filmlərinin avropalı əməkdaşlarla birgə hazırlanması və koprodakşn” və “Festival və marketinq strategiyası” mövzuları ətrafında söhbət aparılacaq.
Giriş sərbəstdir. Görüşdə iştirak etmək üçün sentyabrın 25-dək qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçmək və əlavə məlumat əldə etmək üçün [email protected] ünvanına öz məktublarınızı göndərə bilərsiniz.