MƏDƏNİYYƏT


Kinorejissor, Xalq artisti Tofiq İsmayılovun 80 illiyi qeyd olunacaq

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində milli kino sənətinin inkişafında xidmətləri olan tanınmış rejissor, Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasının 80 illiyi münasibətilə yubiley gecəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə rejissorun zəngin yaradıcılığından, milli kino sənətində xidmətlərindən söz açılacaq, çəkdiyi filmlərdən parçalar nümayiş olunacaq.

Qeyd edək ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olub. “Mən mahnı qoşuram”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” və s. filmlərə quruluş verib. İstedadlı rejissorun filmlərinin hər birinin maraqlı süjeti, mövzulara özünəməxsus yanaşma tərzi vardı.

Rejissor Azərbaycan kinosuna dəyərli ekran əsərləri bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də bu sahənin inkişafına, kino xadimlərinin yetişdirilməsinə töhfələr verib. 1971-ci ildən indiki Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru olub. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. O, “Türk xalqlarının kino tarixi” üçcildlik tədqiqat əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Ədəbi yaradıcılıqla da məşğul olan kino xadimi uşaqlar üçün pyeslər, hekayələr yazıb. Əsərləri xarici dillərdə də nəşr olunub.

Ömrünü sənətə həsr edən kinorejissor 2016-cı il martın 25-də vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.