CƏMİYYƏT
Kirayədə yaşadığı evdən pul oğurlayan qadın saxlanılıb
Bakı, 28 iyul, AZƏRTAC
Bakı şəhər sakini son bir ay ərzində Səbail rayonu ərazisində yaşadığı mənzildən pulunun oğurlanması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə müraciət edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu həmin ünvana gəlib. Hadisə yeri müayinə olunub, müvafiq araşdırmalar aparılıb.
Ev sahibəsi izahatında gizli saxladığı pulunun bir hissəsinin - 3350 manatının oğurlandığını bildirib.
“İsti izlər”lə keçirilmiş əməliyyat tədbirləri ilə polis əməkdaşlarında oğurluğun həyətdə kirayədə yaşayan şəxs tərəfindən törədilməsinə dair şübhələr yaranıb. Kirayənişin şübhəli şəxs qismində polis bölməsinə dəvət olunub. Araşdırmalarla onun Neftçala rayon sakini İlahə Əsədova olması müəyyən edilib.
Əsaslı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib. Ev sahibinin işdə olduğu müddətdə evə daxil olduğunu, pulun saxlandığı yerdən şübhə doğurmaması üçün ümumi məbləğdən 3350 manat götürdüyünü, ələ keçirdiyi puldan müəyyən qədər kosmetik əşyalara xərclədiyini, qalanının isə evində olduğunu etiraf edib.
Polis əməkdaşları tərəfindən həmin pul onun kirayədə qaldığı evdə aşkar edilərək maddi sübut kimi götürülüb.
İ.Əsədova saxlanılıb və faktla əlaqədar cinayət işi başlanıb.