İDMAN
Kişi və qadın voleybolçuların yarışlarında Belarus və Rumıniya milliləri rəqiblərindən üstün olublar
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların yarışlarının ikinci günündə növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında növbəti oyunda A qrupunda yer alan Azərbaycan və Belarus komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən matç 3:0 (25:9, 25:19, 25:16) hesabı ilə Belarus komandasının üstünlüyü ilə başa çatıb.
Beləliklə, belaruslu voleybolçular festivalda ilk qələbəsini qazanaraq üç xalla set fərqinə görə ikinci sıraya yüksəliblər. Eyni xala malik Almaniya üçüncüdür. Qrupda Rusiya komandası liderlik edir. Hələlik aktivində xal olmayan millimiz isə dördüncü pillədədir. Azərbaycan komandası iyulun 24-də sonuncu oyunda Rusiya seçməsi ilə görüşəcək.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə üçüncü oyunda A qrupundakı komandalardan Ukrayna və Rumıniya seçmələri yarışıblar. Oyun Rumıniya voleybolçularının qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:18, 25:14). Bununla da hesabındakı xalların sayını altıya yüksəldən Rumıniya yığması qrupda ikinci pillədə qərarlaşıb.