İDMAN
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Almaniya yığması ilə üz-üzə gələcək
Bakı, 25 may, AZƏRTAC
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, voleybolçularımız ikinci oyunda Almaniya yığması ilə üz-üzə gələcəklər.
Oyunu xorvatiyalı baş hakim Milan Raykoviç idarə edəcək. İkinci hakim funksiyasını rumıniyalı Alin Mateizer yerinə yetirəcək.
Millimiz ilk oyununda Türkiyə yığması ilə qarşılaşıb və rəqibə 0:3 hesabı ilə məğlub olub.
Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.
Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.