İDMAN
Kişilər arasında boks yarışının üçüncü günü başa çatıb [YENİLƏNİB]


















Kişilər arasında boks yarışının üçüncü gününün axşam seansı başa çatıb.
Axşam saatlarında rinqə 64, 75 və 91+ kiloqram çəki dərəcələrində idmançılar çıxıblar. 64 kiloqramda çıxış edən Azərbaycan millisinin üzvü Kollazo Sotomayor sloveniyalı rəqibinə aşkar üstünlüklə (3:0) qalib gələrək növbəti mərhələyə adlayıb. Digər çəki dərəcələrində isə Belarus, Fransa, Litva, Ukrayna, Gürcüstan, Macarıstan və Moldova təmsilçiləri səkkizdəbir finala adlarını yazdırıblar.
19:15
İkiqat Azərbaycan çempionu Kollazo Sotomayor (64 kq) sloveniyalı Edin Sejdinoviç ilə qarşılaşıb. Təmsilçimizin üstünlüyü şəraitində keçən qarşılaşmadan boksçumuz 3:0 hesabı ilə qalib ayrılıb.
Beləliklə, bu gün rinqə çıxan Azərbaycan boksçularından hər ikisi növbəti mərhələyə yüksəlib.
18:33
Kişilər arasında boks yarışının üçüncü gününün axşam seansına start verilib. Hazırda 64 kiloqram çəki dərəcəsində mübarizə aparan Rumıniya və İspaniya nümayəndələri qarşılaşırlar. Azarkeşlərin maraqla gözlədiyi Azərbaycan boksçusu Kollazo Sotomayor rinqə ikinci görüşdə daxil olacaq. 64 kiloqramda çıxış edən idmançımızın rəqibi sloveniyalı Edin Sejdinoviçdir.
Bundan başqa, axşam seansında daha yeddi qarşılaşma keçiriləcək. 75 kiloqram çəki dərəcəsində Vitali Bandarenka (Belarus) – Badri Xardziani (Gürcüstan), Kristian Mbilli Assomo-Halye (Fransa) – Viktor Carapçevsşi (Moldova), Tomas Pivorun (Litva) – Corce Tomiç (Bosniya və Herseqovina), Leon Şartua (İsveç) – Vladislav Voitalyuk (Ukrayna) qarılaşmaları oynanılacaq. Daha ağır - 91+ kiloqramda isə ukraynalı Vladislav Sirenko gürcüstanlı Mixeil Baxtidzeni, bolqarıstanlı Petar Belberov macarıstanlı İstvan Bernatı, israilli Abdala Kadan Moldovalı Aleksey Zavatini sınağa çəkəcək.
15:16
Kişilər arasında boks yarışının üçüncü gününün ilk yarısı başa çatıb.
AZƏRTAC xəbər verir ki, günün birinci yarısında onaltıdabir final mərhələsində 60, 69 və 81 kiloqram çəki dərəcələrində çıxış edən boksçular mübarizəyə qoşulublar. Rinqə çıxan idmançılar arasında Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da olub. O, Böyük Britaniya boksçusu Coşua Buatsi ilə görüşdən qalib ayrılaraq adını səkkizdəbir finala yazdırıb. Onun növbəti rəqibi Polşa təmsilçisi Jordan Kulinski olacaq.
Teymur Məmmədov ilə yanaşı, türkiyəli Cem Karlıdağ, irlandiyalı Sin Makkom, rusiyalı Konstantin Boqomazov, britaniyalı Luke Makkormak, xorvatiyalı Mateo Komadina, moldovalı Vasili Belous və polşalı Jordan Kulinski də növbəti mərhələyə vəsiqə qazananlar arasındadırlar.
14:06
Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov "Bakı-2015" ilk Avropa Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan boksçusu onaltıdabir final mərhələsində Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
13:28
İyunun 18-də “Bakı-2015” ilk Avropa Oyunlarında Azərbaycan boksçuları mübarizəyə başlayırlar.
AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov onaltıdabir final mərhələsi çərçivəsində saat 13.45-də Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşacaq.
Digər boksçumuz Collazo Sotomayor (64 kq) onaltıdabir final mərhələsini adlamaq üçün sloveniyalı Edin Sejdinoviçi sınağa çəkəcək. Görüş saat 18.15-də başlayacaq.
13:10
Bakı, 18 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC
İyunun 18-də "Baku Cristal Hall"da kişilər arasında boks yarışının üçüncü gününə start verilib.
AZƏRTAC xəbər verir ki, günün birinci yarısında onaltıdabir final mərhələsində 60, 69 və 81 kiloqram çəki dərəcələrində ümumilikdə 8 görüş keçiriləcək. Rinqə Azərbaycan, Türkiyə, İrlandiya, Ukrayna, Rusiya, Litva, Yunanıstan, Böyük Britaniya, Xorvatiya, İsrail, Belarus, Moldova, Polşa, Ermənistan və Slovakiya idmançıları çıxacaqlar.
Bu gün Azərbaycanın idman şərəfini 81 kiloqram çəki dərəcəsində Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov və 64 kiloqram çəki dərəcəsində Kollazo Sotomayor qoruyacaqlar.