SİYASƏT


Kişineuda Anım Günü ilə bağlı tədbir keçirilib

Kişineu, 29 sentyabr, AZƏRTAC

Ölkəmizin Moldovadakı səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününə həsr edilmiş tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Kişineu şəhər merinin müavini Olqa Ursu, Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkədə fəaliyyət göstərən yəhudi, qaqauz, rus və digər diaspor təşkilatlarının rəhbərləri və üzvləri, yerli və xarici tələbələr, media nümayəndələri və həmvətənlərimiz iştirak ediblər.

İlk növbədə, tədbir iştirakçıları tərəfindən səfirliyin önündə yeni yaradılmış bağçada Anım Gününə həsr edilmiş guşəyə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov 30 il əvvəl ermənilər tərəfindən ölkəmizdəki siyasi qeyri-sabitlikdən istifadə edilərək Azərbaycan ərazisinin 20 faizini qanunsuz olaraq işğal etdiyini, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə sabitliyin bərqərar olduğunu və onun layiqli davamçısı Prezident İlham Əliyev sayəsində Azərbaycanın güclü və regionun lider ölkələrindən birinə çevrildiyini bildirib. Səfir qeyd edib ki, ötən ilin bu günündən başlayaraq 44 gün ərzində şanlı Azərbaycan Ordusu, əsgər və zabitlərimiz Vətən naminə qəhrəmanlıq nümayiş etdirib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib. O, BMT-nin məlum qətnamələrinin Azərbaycan tərəfindən təkbaşına təmin edildiyini və bununla da, beynəlxalq ədalətin bərpa olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir Vətən müharibəsi günlərində Azərbaycan xalqının vətənpərvərlik, həmrəylik və birlik nümayiş etdirdiyini vurğulayıb. Çıxışının sonunda Q.Osmanov Moldova Respublikasının rəhbərliyinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Tədbirdə Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin direktoru Vera Petuxov çıxış edərək Azərbaycan xalqına dəstəyini bildirib və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizədə həyatını itirən şəhidlərimizə başsağlığı verib. Bu kimi tədbirlərin vacibliyini bildirən agentliyin direktoru səfirliyimiz və Moldovadakı Azərbaycanlılar Konqresi ilə sıx əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, tədbirdə Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensuer çıxış edərək ötən il Azərbaycan torpaqlarının azad edilməsi ilə haqqın bərqərar olduğunu qeyd edib, vətən yolunda canlarından keçmiş bütün şəhidlərə dərin ehtiramını bildirib. G.Sökmensuer “bir millət, iki dövlət” şüarı altında Türkiyənin qardaş Azərbaycan xalqının daim yanında olduğunu vurğulayıb.

Daha sonra Kişineu şəhər merinin müavini Olqa Ursu çıxışında Kişineu meriyası adından Vətən uğrunda döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib, qəhrəmanların qəlblərdə daim yaşadığını və Vətən uğrunda canlarından keçən igidlərin xatirəsini yad etməyin vacibliyini qeyd edib.

Sonda tədbirdə iştirak edən qonaqlara Vətən müharibəsinə dair broşürlər və “Xarıbülbül” xatirə nişanları paylanılıb. Qonaqlar xatirə kitabına ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizlə bağlı başsağlığı və ürək sözlərini yazıb.

Moldovada fəaliyyət göstərən diaspor təşkilatımız MAK tərəfindən Moldovanın dövlət qurumları və beynəlxalq təşkilatlara 27 sentyabr – Anım Gününə dair müraciət ünvanlanıb.

Anım tədbiri Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.