Kişineuda Moldovanın Avropaya inteqrasiyasına dəstək mitinqinə 75 min iştirakçı qatılıb
AzerTAg.az

Kiyev, 21 may, AZƏRTAC
Mayın 21-də Kişineu şəhərinin mərkəzində Moldovanın Avropaya inteqrasiyasına dəstək mitinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, 75 min nəfərin qatıldığı mitinqdə Prezidenti Maya Sandu iştirak edib. “Biz buraya əminliklə demək üçün gəldik ki, moldovalılar avropalılardır. Moldovanın yeri Avropaya inteqrasiyadır. Bu, təkcə mənim öhdəliyim deyil, xalqın iradəsidir. Bu, Avropa İttifaqına inteqrasiyadır. Bu, xalqımızın əmin-amanlıq içində yaşaması üçün həyat tərzi və şansdır. Bu arzu hər birimizdən asılıdır. Yol uzundur və zəhmət tələb edir. Bu, övladlarımızın təhlükəsizliyini təmin edə biləcəyimiz yeganə yoldur. Moldova Avropa İttifaqının üzvü olmalıdır. Moldovalılar avropalı olmalıdırlar”, - deyə dövlət başçısı bildirib.
Mitinqin sonunda iştirakçılar Moldovanın Avropa İttifaqına tamhüquqlu üzv olmaq istəyini təsdiqləyən qətnamənin lehinə səs veriblər.
Sənəddə deyilir: “Biz Moldova Respublikasının vətəndaşları 2023-cü il mayın 21-də - ölkə üçün həlledici məqamda Moldova Respublikasının Avropa İttifaqına tamhüquqlu üzv olmaq istəyini təsdiq etmək üçün Böyük Milli Məclis meydanına toplaşdıq. Avropalı olmağımızla həm tarixi, həm coğrafi, həm mədəni, həm də fundamental dəyərlərimizlə onun inkişafına töhfə vermək istəyirik. Moldovanın avropalı, demokratik, azad və firavan gələcəyini təmin etmək üçün mübahisəsiz hüquq Moldova Respublikasının xalqına məxsusdur. Avropa İttifaqına daxil olmaq ölkəmizə çağırışlar qarşısında sabitlik gətirə biləcək yeganə yol və Moldovanın inkişafı üçün yeganə şansdır ki, bu da gələcək nəsillərə öz potensiallarını reallaşdırmağa, sərvət toplamağa, dövləti müasirləşdirməyə imkan verəcək”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var