CƏMİYYƏT
Kişineuda “Şuşa, sən azadsan!” filminin təqdimatı olub VİDEO
Kişineu, 10 noyabr, AZƏRTAC
Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Moldovanın paytaxtı Kişineuda “Şuşa, sən azadsan!” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Moldovadakı səfirliyinin dəstəyi ilə filmin nümayişi “Jurnal TV” telekanalının inzibati binasında baş tutub.
Filmin nümayişindən əvvəl çıxış edən “Jurnal TV” telekanalının direktoru Adrian Buraga belə bir tədbirin keçirilməsindən məmnun olduğunu deyib. O qeyd edib ki, Azərbaycan ilə Moldova arasında bütün sahələrdə əlaqələr inkişaf edir. “Biz Azərbaycanın uğurlarına sevinirik və Moldovada güclü Azərbaycan diasporu var”, - deyə Adrian Buraga əlavə edib.
Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov göstərdikləri dəstəyə görə “Jurnal TV”nin rəhbərliyinə təşəkkür edib. Azərbaycanın şanlı Zəfərindən danışan səfir deyib ki, Azərbaycanın incisi olan Şuşanın işğaldan azad edilməsinin və Zəfər Gününün ikinci ildönümü təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da qeyd olunur. “Moldovada bununla bağlı silsilə tədbirlər keçirilir. Bu gün “Şuşa, sən azadsan!” sənədli filminin Moldova ictimaiyyətinə təqdimatı da bu cür tədbirlərin tərkib hissəsidir”, - deyə Qüdsi Osmanov əlavə edib.
Səfir çıxışında Moldova-Azərbaycan münasibətlərinin inkişafından da danışıb.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da çıxış edərək rəsmi Kişineunun ölkəmizin haqlı mübarizəsində daim dəstək göstərdiyini və diasporumuzun səfirliklə birgə keçirdiyi layihələr barədə geniş məlumat verib.
Qeyd edək ki, real hadisələr əsasında çəkilmiş film “Baku Media Center”in və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüseri Arzu Əliyevadır.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş Azərbaycanın əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.
Film Azərbaycan dilində (ingilis dilində alt yazıları ilə) nümayiş etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu