HEYDƏR ƏLİYEV - 100


Kişineuda Ümummilli Liderin 100 illiyi ilə bağlı gənclər forumu öz işinə başlayıb

Kişineu 19 yanvar, AZƏRTAC

Moldova Milli Tarix Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, forum Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Moldovadakı səfirliyinin tərəfdaşlığı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Forumun açılış mərasimində çıxış edən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib ki, Ulu Öndər Heydər Əliyev Moldova-Azərbaycan əlaqələrinin inkişafında böyük xidmətlər göstərib: “Əsası Ulu Öndər tərəfindən qoyulan əlaqələr Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”.

Çıxışında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı məqama da yer verən Qüdsi Osmanov Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiymətin verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyini diqqətə çatdırıb.

Tədbirin təşkilatçısı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili çıxışında iki ölkənin bənzər taleyindən bəhs edərək qeyd edib ki, bu kimi layihələr davamlı olmalı və gənclər arasında əlaqələrə öz töhfəsini verməlidir.

Forumda Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitali Jakot, Moldova Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste, Moldova Milli Azlıqlar üzrə Dövlət Agentliyinin sədri Dmitri Moroz, Moldova Milli Kitabxanasının direktoru İlena Penteley, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, “DAVAM” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Moldova universitetlərinin təmsilçiləri və moldovalı gənclər çıxış edərək forumun iki ölkə gəncləri üçün önəmindən bəhs ediblər.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat yolundan bəhs edən fotosərgi də nümayiş etdirilib. Ulu Öndərə həsr olunan sərgi moldovalı gənclər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, fotosərgi iki gün davam edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.