CƏMİYYƏT
Kişineuda keçirilən marafonun iştirakçıları azad edilmiş torpaqlarımızda aparılan bərpa işləri barədə məlumatlandırılıb
Kişineu, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Moldovada keçirilmiş “Kişineu Böyük Ürəklər Marafonu” adlı tədbirdə Moldovada yaşayan azərbaycanlı gənclər Şuşaya həsr edilmiş idman köynəklərində iştirak ediblər.
Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTCA-a bildiriblər ki, Kişineuda hər il təşkil olunan ənənəvi idman tədbirinə 60-a yaxın ölkədən 10 mindən çox marafonçu qoşulub. Tədbir iştirakçıları arasında dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, Moldovada akkreditə olunmuş beynəlxalq təşkilat və diplomatik nümayəndəliklərin əməkdaşları, xarici qonaqlar və çoxsaylı idmançılar yer alıb.
İdman tədbirinə ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və səfirliyin əməkdaşları, yerli və azərbaycanlı gənclər və tələbələr Kişineuda yerləşən Neçuy Leviçkovo Liseyinin şagirdləri “Şuşa”, “Xarıbülbül” və “Azərbaycan” loqolu köynəklərlə qatılıb. Ölkəmizə dair atributların əks olunduğu idman köynəkləri digər marafon iştirakçılarının geniş marağına səbəb olub, onlara səfir tərəfindən Azərbaycan, mədəniyyət paytaxtımız Şuşa barəsində, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində şanlı Zəfər əldə edildikdən sonra azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Kişineu marafonunda azərbaycanlı gənclər finiş xəttini ilk keçən 10 iştirakçı sırasında olub.
Marafonda gənclərimizin Şuşaya həsr edilmiş idman köynəklərində iştirakı Moldova KİV-də rumın və rus dillərində işıqlandırılıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu