REGİONLAR
“Kitab bayramı”nda 3 mindən çox nəşr sərgilənib VİDEO
Xaçmaz, 16 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 16-da Xaçmaz şəhərindəki “Fəvvarələr bağı”nda təşkil olunan ənənəvi “Kitab bayramı”nda 3 mindən çox kitab nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, mərkəzləşdirilmiş kitabxanalar sisteminin birgə təşkilatçılığı ilə keçirilib. “Kitab bayramı”nda rayonun idarə və təşkilatlarının rəhbərləri, kitabxana, mədəniyyət, təhsil işçiləri və məktəblilər iştirak ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qarabağ münaqişəsindən bəhs edən, eləcə də Azərbaycan folkloruna, xarici yazıçılara aid kitablar oxucular tərəfindən maraqla qarşılanıb.
Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Azad Əlifxanov bildirib ki, ənənəvi “Kitab bayramı”nın keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdən ibarətdir.
Tədbirdə məktəblilərin ifasında kitablara həsr olunmuş bədii kompozisiya təqdim edilib.