REGİONLAR
Kitab bayramında əsas məqsəd Heydər Əliyev ideyalarının geniş təbliği olub
Göyçay, 8 may, AZƏRTAC
Azərbaycan qədim dövrlərdən öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Kitabxanalar xalqımızın milli sərvətidir və bu sərvətin qorunub saxlanmasında, cəmiyyətin intellektual və mədəni potensialının artırılmasında onların rolu əvəzsizdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Göyçayda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil edilən kitab bayramında səsləndirilib. Çıxışlarda vurğulanıb ki, kitab bayramının keçirilməsində əsas məqsəd Heydər Əliyev ideyalarını geniş təbliği, yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaqdır.
Heydər Parkında keçirilən kitab bayramında iştirakçılar meydanda təşkil edilən kitab və uşaqların əl işlərindən ibarət sərgilərə baxıblar. Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin hazırladığı “Zirvədən baxan Öndər”, “Mən həmişə səninləyəm”, “Əsrin sönməz günəşi”, “Doğma Azərbaycan”, “Azərbaycançılıq və vətənpərvərlik ideologiyası”, “Qarabağ müharibəsinin şanlı səhifəsi – Aprel döyüşləri”, “Tarixini öyrən, özünü tanı”, “Milli qəhrəmanlarımız”, “Saz, söz ustaları”, “Dədə Qorqud gəzən yerlər”, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan “Əbədiyyət üfüqlərində doğmuş eşq günəşi” və digər mövzularda sərgilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sərgilərdə bədii ədəbiyyatla yanaşı, müxtəlif elm sahələrinə aid 1000-dək kitab da nümayiş olunub.
Bayram tədbiri konsert proqramı ilə davam etdirilib.