MƏDƏNİYYƏT
“Kitab tutan balaca əllər” layihəsi çərçivəsində üç min uşağa kitab paylanacaq
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə Türkiyə Respublikası Baş Nazirlik Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin, Gəncliyə Yardım Fondu və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində reallaşacaq.
Layihə çərçivəsində Türkiyənin tanınmış uşaq ədəbiyyatı yazıçılarının Azərbaycan dilinə uyğunlaşdırılmış və tarixi şəxsiyyətlərimizə həsr olunmuş bir-birindən maraqlı kitabları həmin yazarların iştirakı ilə orta məktəb şagirdlərinə paylanacaq.
“Kitab tutan balaca əllər” layihəsinin açılış mərasimi Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramı münasibətilə aprelin 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. Layihə ilə bağlı təşkil olunacaq silsilə tədbirlər çərçivəsində, həmçinin həmin gün Ağdam rayon 149 nömrəli köçkün tam orta məktəbində də tədbir keçiriləcək.
Layihə çərçivəsində üç min uşağa kitab paylanılacaq.