“Kitabı sevək və sevdirək” adlı layihəyə start verilib
AzerTAg.az
Bakı, 28 iyul, AZƏRTAC
Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası Nizami rayon MKS-nin 4 nömrəli filialı ilə birlikdə “Kitabı sevək və sevdirək” adlı layihəyə start verib.
MKS-dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi oxucuları kitabı sevdirmək və kitabxanaya cəlb etməkdən ibarətdir. Kitabxananın bir qrup əməkdaşı kitabları məhəllədə, açıq havada geniş oxucu kütləsinə təqdim ediblər. Kitabxananın xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka mənbəyi olduğu fikrini aşılayıblar.
Kitab bəşəriyyətin yaratmış olduğu ən qiymətli sərvət, bəşəri ağlın qızıl fondu kimi qiymətləndirilib. Mənəvi-zehni sərvət ocağı olan kitabxanalar oxucuların ən yaxın köməkçisidir. Mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitab və onları toplayıb, qoruyub saxlayan kitabxana olmadan mədəniyyət yaşayıb inkişaf edə bilməz.
Kitab təfəkkürün yorulmayan qanadı, zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir. Şəxsiyyətin formalaşmasında mütaliənin rolu danılmazdır.
Mütaliə oxucunun hərtərəfli inkişafında - biliyinin, söz ehtiyatının, nitq mədəniyyətinin, estetik zövqünün inkişafında əvəzsiz rol oynayır. Bildiyimiz kimi mütaliənin yolu və kitabxanadan keçir.
Bu layihənin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Xəbərin mətnində orfoqrafik səhv var