CƏMİYYƏT


“Kitablarımızı paylaşaq və dilimizi yaşadaq” aksiyası çərçivəsində toplanan nəşrlər Tbilisidəki Azərbaycan dilli məktəblərə paylanır

Tbilisi, 24 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) könüllülərinin və “Azərkitab” Kitab Mərkəzinin birgə həyata keçirdiyi “Kitablarımızı paylaşaq və dilimizi yaşadaq” aksiyası çərçivəsində toplanan nəşrlər Gürcüstandakı Azərbaycan dilli məktəblərə paylanır.

AZƏRTAC xəbər verir ki, “Könüllülər ili” çərçivəsində “Könüllülərlə maariflənək” şüarı ilə həyata keçirilən aksiyanın məqsədi Azərbaycan gənclərinin Gürcüstanda yaşayan soydaşlarımızın yanında olduğunu nümayiş etdirməkdir.

Layihə çərçivəsində toplanmış kitabların bir hissəsi Tbilisidəki M.F.Axundov adına 73 saylı Azərbaycan dilli orta məktəbə təqdim olunub. Kitablar Azərbaycan ədəbiyyatını, incəsənəti, dünya və uşaq ədəbiyyatını əhatə edir.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasının Gürcüstanda da maraqla qarşılandığını, bəzi gənclərin və ziyalıların bu layihəyə böyük maraq göstərdiklərini bildirib. Diplomat deyib ki, toplanan kitablar Tbilisi ilə yanaşı, Gürcüstanın digər bölgələrindəki Azərbaycan dilli məktəblərə də təqdim olunacaq.

YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədr müavini, “Azərkitab”ın rəhbəri Misirxan Həsənov kitab aksiyasının ilin sonuna qədər davam edəcəyini bildirib. O, Gürcüstandakı soydaşlarımızın bu aksiya çərçivəsində diqqətdə saxlanılacağını vurğulayıb. Bildirib ki, aksiya çərçivəsində artıq 500 adda 2 minədək kitab toplanıb.

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva çıxışında təşəbbüsü yüksək qiymətləndirib və layihənin təşkilinə görə minnətdarlığını bildirib. O, rəhbərlik etdiyi qurumun bu layihəyə dəstək verdiyini, topladıqları 100-dən çox kitabın da məktəbə hədiyyə olunduğunu deyib.

Məktəbin direktoru Salman Pirməmmədov təhsil ocağının kitabxanasında Azərbaycan dilində kitablara ehtiyac duyulduğunu vurğulayaraq göstərilən diqqət və qayğıya, təqdim olunan kitablara görə minnətdarlıq edib. Direktor bu vəsaitlərin təhsil ocağı üçün çox dəyərli töhfə olduğunu bildirib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.