MƏDƏNİYYƏT
Kitabxana “Aprel-2016” adlı bilinqvistik layihəni gerçəkləşdirib
Bakı, 3 aprel, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiyanın Orenburq Vilayətinin model kitabxanası ilə birgə “Aprel – 2016” adlı bilinqvistik virtual layihə reallaşdırıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş Azərbaycan və rus dillərində hazırlanmış interaktiv plakat vikipediyadan götürülmüş “Aprel döyüşləri” rubrikası ilə başlanır. Burada 2016-cı ildə işğaldan azad olunan Azərbaycan ərazilərinin xəritəsi verilib. İkinci sütunda rus dilində vikipediyadan götürülmüş “Dağlıq Qarabağda silahlı toqquşma” (2016) sərlövhəli material yerləşdirilib. Həmin sütunda “2016-cı ildə şəhid olmuş Azərbaycan oğulları” “YouTube” kanalındakı film də öz əksini tapıb. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərin siyahısı verilib, həmçinin Aprel döyüşlərində şəhid olmuş igid Azərbaycan oğulları, onların keçdiyi döyüş yolları haqqında ətraflı məlumatlar əks olunub. İnteraktiv plakatda yerləşdirilən videogörüntülər maraq doğurur.
İnteraktiv plakatda Aprel döyüşlərində şəhid olmuş Milli qəhrəmanlar Murad Mirzəyev, Şükür Həmidov və Samid İmanov haqqında ətraflı məlumat təqdim edilib.
Dördüncü sütunda rus dilində “YouTube” kanalındakı “Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq” adlı film verilib.
“Aprel döyüşləri – 2016. Lələtəpə” markalar və zərflər haqqında rus dilində məlumat verilib. Burada qeyd olunub ki, Aprel döyüşlərinə həsr olunmuş markalar 24 min tirajla buraxılıb. Hər markanın ölçüsü 40x28 mm-dir.
İnteraktiv plakat rus dilində “Aprel döyüşləri – müasir Azərbaycan tarixinin ən uğurlu hərbi əməliyyatlarından biridir” adlı materialla yekunlaşır.
Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş, Azərbaycan və rus dillərində hazırlanmış interaktiv plakat bir sıra MDB kitabxanalarına göndərilib.