MƏDƏNİYYƏT
Kitabxana Azərbaycan Milli Kino Günü ilə əlaqədar tədbir keçirib
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Milli Kino Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan kitabxana əməkdaşı Fəridə Alnağıyeva böyük tarixə malik olan Azərbaycan kinosu, kinomuzun keçdiyi inkişaf yolu, xalqımızın mədəni-mənəvi həyatında mühüm rolu, dövlətin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğısı haqqında ətraflı məlumat verib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün milli kinonun yaranma günü sayılır.
Sonda uşaqlar üçün milli kino incilərimizdən sayılan "Qaraca qız" bədii filmi nümayiş etdirilib.
Qeyd edək ki, uşaqların böyük maraq və istəyini nəzərə alaraq film 2 seans təkrar yayımlanıb.