MƏDƏNİYYƏT
Kitabxana Leyla Bədirbəylinin 100 illiyinə videoçarx hazırlayıb
Bakı, 4 noyabra, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində görkəmli aktrisa Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə videoçarx hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, metodika və biblioqrafiya şöbəsi tərəfindən hazırlanan videoçarxda aktrisanın yaradıcılığı haqqında məlumat verilir. Bildirilir ki, Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.
Aktrisa “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanıb, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirib.
Leyla Bədirbəylinin 100 illiyinə həsr edilmiş videoçarxı “YouTube” kanalında izləmək mümkündür.