MƏDƏNİYYƏT
Kitabxana Sabir Rüstəmxanlının 75 illik yubileyi münasibətilə silsilə materiallar hazırlayıb
Bakı, 9 iyun, AZƏRTAC
Gənc nəslin mənəvi tərbiyəsində yaxından iştirak edən Respublika Gənclər Kitabxanası vətənpərvərlik ideyalarının carçısı olan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının 75 illik yubileyi və şairin çoxjanrlı yaradıcılığı haqqında geniş məlumatı istifadəçilərə çatdırmaq məqsədilə silsilə xarakterli materiallar hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, şairin yubileyi münasibətilə “Xalqın səsinə çevrilən misralar” adlı biblioqrafik vəsait, “Dünənlə sabahın şairi” başlığı altında tammətinli kitabların virtual sərgisi tərtib edilib.
Biblioqrafik vəsaitdə Sabir Rüstəmxanlı haqqında rəsmi sənədlər, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, müəllifin kitabları və məcmuələrdə, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə çıxan əsərləri, tərtib etdiyi, redaktoru olduğu və “Ön söz” yazdığı kitablar, özü və yaradıcılığı haqqında materialların tam təsviri əks xronologiya və daxildə əlifba ardıcıllığı ilə verilib. Vəsaitdə qeyd olunan 192 ədəbiyyatın 112-si kitab (93 Azərbaycan, 10 türk, 7 rus dilində, 2 kitab rus dilində Türkiyə kitabxanasında olan), 70-i isə dövri mətbuatda çıxan məqalələrdir.
“Dünənlə sabahın şairi” adlı virtual sərgidə isə müəllifin əsərləri və haqqında yazılmış 40 nüsxə tammətnli kitabların biblioqrafik təsviri və kitabların məzmununu açan annotasiyalar, sitatlar, şəkillər və həmin kitabların yerləşdirildiyi saytların linkləri qeyd olunub. Hər iki vəsait kitabxananın saytında, sosial şəbəkə səhifələrində yerləşdirilib.