MƏDƏNİYYƏT


Kitabxana Vətən müharibəsi şəhidinin şeirlərini oxuculara təqdim edib

Bakı, 6 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Murad Nağıyevin şeirlərini oxuculara təqdim edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, təqdimatda Murad Nağıyevin Qazax rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gəldiyi qeyd olunub. Müdafiə nazirinin 19 iyun 2020-ci il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi alıb. Həmçinin Bakı yaxınlığında yerləşən “N” saylı hərbi hissədə tank taborunun tank bölüyünün tank taqımının komandiri vəzifəsində xidmətini davam etdirib. O, sentyabrın 27-də başlayan Vətən müharibəsinə elə həmin gün yollanıb. Qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak edib. Cəsur leytenant M.Nağıyev tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərib, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, atəş nöqtələrini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv edərək düşmən texnikasını qənimət olaraq götürüb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Murad Nağıyev ölümündən sonra göstərdiyi şücaətə görə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid M.Nağıyevin ədəbiyyata marağı uşaq yaşlarından başlayıb. O, incəsənətə də maraq göstərib, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənib. Eləcə də türkcə, həm də ana dilində şeirlər yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.