MƏDƏNİYYƏT
Kitabxana əməkdaşları şagirdlərə kitablar hədiyyə edib
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları oxucunun mütaliəsini istiqamətləndirmək, oxu dairəsini genişləndirmək məqsədilə Yasamal rayon 225 nömrəli tam orta məktəbdə “Kitab oxumaq bizə nə öyrədir” adlı tədbir keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxışçılar mütaliənin əhəmiyyətinin qeyd edərək kitabın keçmişimizi, zəngin mədəniyyətimizi bizə çatdırdığını söyləyiblər.
Sonra mövzu ilə əlaqədar uşaqlar arasında sorğu keçirilib. Sorğuda şagirdlər dünya ədəbiyyatının tanınmış nümayəndələrindən Aqata Kristi, Stiven Kinq, Conatan Svitt, Jül Vern, Tomas Mann və digər müəlliflərin əsərlərini oxuduqlarını bildiriblər.
Sonda məktəbin müəllimi Şəfəq Bağırova şagirdlərin dünyagörüşünün formalaşması və mütaliənin təbliğində kitabxanaların rolunu yüksək qiymətləndirərək kitabxana əməkdaşlarına təşəkkür edib.
Kitabxana əməkdaşları tərəfindən şagirdlərə kitablar hədiyyə olunub.