MƏDƏNİYYƏT


Kitabxana oxucuları Qaradağlı faciəsi barədə məlumatlandırılıb

Bakı, 18 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialında Qaradağlı faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə oxuculara Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, erməni hərbi birləşmələrinin 28 il əvvəl Qaradağlı kəndində törətdikləri vəhşiliklər, kənd özünümüdafiə dəstəsinin düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparması barədə məlumat verilib.

Bildirilib ki, Qaradağlı sakinləri ermənilərə qarşı inadlı müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib.

1992-ci il fevralın 14-də erməni quldurları Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə qədim Azərbaycan kəndi olan Qaradağlıya hücum ediblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Fevralın 17-də silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüb, kənd işğal edilib. Əsir götürülən kənd sakinlərinə işgəncələr verilib, onlardan 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Sonda oxucular Qaradağlı faciəsinə həsr edilən sərgi ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.