MƏDƏNİYYƏT
Kitabxana yazıçı Ələviyyə Babayevanın 100 illiyi ilə əlaqədar videoçarx hazırlayıb
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı yazıçı, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında oxuculara təqdim edilən videoçarxda Ələviyyə Babayevanın həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, Ələviyyə Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib. "Azərbaycan qadını" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri, sonra baş redaktor olub. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olub. 23 sentyabr 2014-cü ildə vəfat edib.
Videoçarxda, həmçinin yazıçının foto və kitabları da izləyicilərə təqdim olunub.