ELM VƏ TƏHSİL
Kitabxanaçılar klubunun üzvləri ilə görüş
Bakı, 23 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində yaradılmış kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Məktəb-Lisey Kompleksində keçirilən görüşün əsas məqsədi paytaxtın ümumtəhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək verməkdir.
Kitabxanaçılar klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan əməkdaşlara dəstək göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi, səmərəli fikir mübadiləsindən yararlanma və araşdırma qabiliyyətinin inkişafı məsələlərini əhatə edir.
Görüş Respublika Elmi Pedaqoji Kitabxanasının təlimçilərinin moderatorluğu ilə keçirilib. Tədbirdə kitabxanaların fəaliyyəti, ümumi təhsil məktəbləri ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərdən danışılıb, klub üzvlərinin sualları cavablandırılıb. Əlavə olaraq, 2018-2019-cu tədris ilində şagirdlərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə hazırlanmış bir sıra yeni layihələr haqqında kitabxanaçılara məlumat verilib.
Qeyd edək ki, mütaliə istiqaməti üzrə ümumi təhsil məktəbləri arasında əməkdaşlıq çərçivəsində “Qızıl rəf”, “Ədəbi natura”, “Kitab bizim evin uzunömürlü üzvüdür”, “Siz hələ də mütaliə etmirsiniz?”, “Mən oxudum, siz də oxuyun” və bu kimi digər layihələrin reallaşdırılması nəzərdə tutulur.