ELM VƏ TƏHSİL
Kitabxanaçılar üçün ixtisasartırma təlimləri başa çatıb
Bakı, 22 oktyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən akademiyanın elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən əlavə peşə təhsili (ixtisasartırma) təlimləri başa çatıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxanaçıların peşəkar fəaliyyətinin artırılması məqsədilə təşkil olunan təlimlər iki həftə davam edib.
Təlimin yekununda MEK-in baş direktoru professor Məmməd Əliyev elmi-tədqiqat institutlarının əməkdaşları ilə görüşüb. Görüşdə MEK-in İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədindən, müasir və ənənəvi kitabxana prosesləri haqqında kitabxanaçıların ətraflı şəkildə məlumatlandırılmasından, yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair metodik və nəzəri biliklərin artırılmasından, kitabxana-informasiya xidmətinin təşkilindən, forma və xüsusiyyətlərini onlara aşılamaqdan söz açılıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kitabxanaçılar təlim müddətində İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsində təcrübə keçiblər. Şöbənin elektron kitabxana xidmətləri, elmmetrik tədqiqatlar, antiplagiat və DOİ xidmətləri sektorları haqqında məlumat əldə ediblər. Həmçinin iştirakçılar MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi və müxtəlif fondları ilə tanış olublar.