MƏDƏNİYYƏT
Kitabxanada “Ağdamsız 26 il” mövzusunda tədbir təşkil olunub
Bakı, 24 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Ağdam rayonunun işğalı ilə əlaqədar “Ağdamsız 26 il” mövzusunda tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri Xətai rayon MKS-nin əməkdaşı Gülzadə Quliyeva açaraq Ağdam rayonunun tarixi keçmişindən, ağdamlıların müxtəlif sahələrdəki uğurlarından və torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri şücaətlərdən danışıb.
Bildirib ki, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun ərazisinin böyük hissəsi - 1094 kvadratkilometrlik ərazinin 882 kvadratkilometri, bir şəhər və 80 kəndi işğal olunub. Nəticədə yurd-yuvasından ayrı düşmüş 128 min insan məcburi köçkün həyatı yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir.
Çıxışlarda Ağdamın işğal tarixi haqqında geniş məlumatlar verilib. Dövrünün ən füsunkar rayonlarından sayılan Ağdamın düşmənlə döyüşlərdə 6 min şəhid verdiyi, on altı Milli Qəhrəmanı olması faktı xüsusi qeyd edilib.