Kitabxanada ingilis yazıçısı Lyuis Kerrollun 190 illiyi qeyd edilib
AzerTAg.az
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında ingilis yazıçısı Lyuis Kerrollun anadan olmasının 190 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Avropa Liseyinin 3-cü sinif şagirdləri əvvəlcə kitabxana ilə tanış olub, kiçik oxu zalında səsli və rəngbərəng kitablara baxıblar.
Daha sonra məktəblilərə kitabxananın böyük oxu zalında yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, “Alisa möcüzələr ölkəsində” kitabının əsasında əməkdaşların hazırladıqları maraqlı slayd göstərilib.
Tədbir zamanı uşaqlar üçün viktorina keçirilib. Şagirdlər verilən sualları fəal və həvəslə cavablandırıb.
Sonda uşaqlara “Göy qurşağı” jurnalının nömrələri hədiyyə edilib.
Xəbərin mətnində orfoqrafik səhv var