MƏDƏNİYYƏT
Kitabxananın Qarabağın füsunkar təbiəti, tarixi, mədəniyyəti ilə bağlı layihəsi davam edir
Bakı, 7 sentyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası əzəli Azərbaycan torpaqları olan doğma Qarabağımızın qədim tarixinin, füsunkar təbiətinin, rəngarəng mədəniyyətinin təbliği məqsədilə maarifləndirici, təbliğat xarakterli materiallar, layihələr hazırlamaqda davam edir.
Növbəti belə layihə – “Qarabağ - füsunkar təbiət, mədəniyyət və qədim tarixin qovuşduğu Azərbaycan torpağı” layihəsidir ki, bu gün bu aksiya çərçivəsində Respublika Gənclər Kitabxanası Qarabağın qədim tarixindən və təbiətindən bəhs edən virtual kitab sərgisi və videoçarx ilə izləyicilərinin görüşünə gəlib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Qarabağın tarixindən bəhs edən virtual kitab sərgisinin hazırlanmasında əsas məqsəd Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın necə qədim bir tarixə malik olmasını bir daha sübut etmək və bu tarixi əks etdirən kitabların geniş oxucu kütləsi arasında tanıtımını keçirməkdən ibarətdir.
Virtual kitab sərgisində Sabir Rüstəmxanlının “Qarabağa dönüş”, Ənvər Çingizoğlu, Rizvan Qarabağlının “Qarabağda sənət və sənətkarlar”, Səbinə Əhmədovanın “Qarabağ - ədəbi, mədəni mühiti”, Əsədulla Cəfərovun “Qarabağ ulu Vətənimizdir”, Tomas de Vallın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”, Şəmistan Nəzərlinin “1920-ci ildə Qarabağ döyüşləri”, Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi”, Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” və s.adda kitablar nümayiş olunub. Hazırlanan materialda təqdim olunan hər bir kitabın annotasiyası verilib. Bu virtual kitab sərgisində toplanan dərgilər yalnız Qarabağın qədim tarixindən deyil, həmçinin, mədəniyyətindən, 30 ilə yaxın uğrunda gedən savaşlardan, müxtəlif tarixi faktlardan bəhs edən kitabların toplusudur.
Layihə çərçivəsində hazırlanan növbəti material Qarabağın əsrarəngiz, füsunkar və təkrarolunmaz təbiətindən bəhs edən videoçarxdır. Burada kitabxana əməkdaşları Qarabağın dünyanın heç bir yerində olmayan, nadir hesab edilən təbiət özəlliklərindən bəhs etməyə çalışıblar. Belə ki, videoçarxda Qarabağın simvolu hesab edilən “Xarıbülbül”, “Qarabağ atları”, “Cıdır düzü”, “İsa bulağı”, “Topxana meşəsi” və s. haqqında məlumat verilir. Qarabağın gözəl təbiət mənzərələri, çay və şəlalələrinin görüntüləri təqdim edilir.
Virtual kitab sərgisi və videoçarxda Şövkət xanım Ələkbərovanın ifasında “Cənnətim Qarabağ” və Təyyar Bayramovun ifasında “Anadır arzulara hər zaman Qarabağ” mahnıları səsləndirilib.
İzləyicilər, xüsusilə də, gənclər üçün Azərbaycanın gözəl guşəsi, mədəniyyət ocağı olan Qarabağı tərənnüm edən bu səpkili materiallar öz dərin məzmunu və maraqlı məlumatları sayəsində böyük əhəmiyyət kəsb edir.
Respublika Gənclər Kitabxanasını “Qarabağ - füsunkar təbiət, mədəniyyət və qədim tarixin qovuşduğu Azərbaycan torpağı” layihəsi üzərində işləri davam etdirir və yaxın günlərdə yeni materiallar ilə öz istifadəçilərinin görüşünə gələcəkdir.
İstifadəçilər materiallarla kitabxananın instaqram səhifəsində tanış ola bilərlər.