MƏDƏNİYYƏT
Kitabxananın “Sevilənlər sevənlər” rubrikası altında canlı yayımları davam edir
Bakı, 16 aprel, AZƏRTAC
Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir. Növbəti belə görüş psixoterapevt, klinik psixoloq Günel Abasova ilə keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə psixoloq pandemiya dövründə insanların rastlaşdıqları psixoloji problemlər və bu problemlərin aradan qaldırılması yollarından geniş formada bəhs edib. Günel Abasova hazırda psixoloji kömək məqsədilə müraciət edənlərin sırasında Qarabağ müharibəsi iştirakçılarının, qazilərin, onların ailə üzvlərinin, erməni terrorundan əziyyət çəkmiş insanların əksəriyyət təşkil etdiyini və bu insanlarla reabilitasiya proqramlarının həyata keçirildiyini diqqətə çatdırıb.
O, həmçinin son illərin aktual və ağrılı problemi olan intihar mövzusuna toxunub, intiharın ilkin əlamətləri, intihar cəhdlərinin növləri, bu təhlükənin qarşısının alınması üsulları haqqında izləyicilərə geniş məlumat verib. Qonaq həmçinin, müasir gəncliyin psixo-sosial mühitə adaptasiyası, böyüməkdə olan yeniyetmə və gənclərdə özgüvən hissinin aşılanması, erkən tərbiyə metodikası haqqında canlı yayım izləyicilərini məlumatlandırıb, lazımi tövsiyə və məsləhətlərini verib. Qonaq müasir ailələrdə yaşanan psixoloji problemlərdən, insanlarımızın uğurlu, xoşbəxt ailə modeli yaradarkən öz şəxsi fikir və düşüncələrinə köklənməli olmalarından, ətrafdakı insanların fikir və münasibət yükündən azad olmaları zərurətindən də danışıb.
Çox maraqlı diskussiya formasında keçən canlı yayımda izləyicilərin rəyləri və sualları da səsləndirilib.
Psixoterapevt, klinik psixoloq Günel Abasova ilə keçirilən canlı yayım kitabxananın “Instagram” səhifəsinin https://www.instagram.com/p/CNshz1VCZFV/ linki altında yerləşdirilib.