DÜNYA
Kiyev Moskvanı Kaxovka su elektrik stansiyasını partlatmaqda ittiham edib

Bakı, 6 iyun, AZƏRTAC
Kiyev Kaxovka su elektrik stansiyasındakı bəndin rusiyalı hərbçilər tərəfindən partladıldığını bildirib.
AZƏRTAC xəbər verir ki, bəndin partladılmasında Moskvanı ittiham edən Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.
İyunun 6-da gecə saatlarında baş verən partlayış nəticəsində Kaxovka su elektrik stansiyasındakı bəndin 28 dirəyindən 11-i dağılıb. Bölgədə yerləşən 80 yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib. Xerson vilayət administrasiyasının rəhbəri Oleksandr Prokudin təhlükəli ərazilərdə yaşayan əhalinin təxliyə edildiyini deyib.
Mütəxəssislərin hesablamalarına görə, Dnepr çayının aşağı hissəsində suyun səviyyəsi günorta saatlarında kritik həddə çatacaq. Xerson vilayətinin bir neçə yaşayış məntəqəsi artıq tam və ya qismən su altında qalıb. Suyun daşqın zonasından 2-3 gün sonra çəkiləcəyi gözlənilir.
İşğal altında olan Yeni Kaxovka şəhərinin Moskva tərəfindən təyin olunan meri Vladimir Leontyev isə bəndin Ukrayna Silahlı Qüvvələrinin gecə zərbələri nəticəsində dağıldığını iddia edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, bəndin dağılması Zaparojye AES üçün birbaşa risk yaratmır.