SİYASƏT
Kiyev məktəbində Respublika Günü təntənə ilə qeyd olunub
Bakı, 20 may, AZƏRTAC
Ukraynanın paytaxtındakı 3 sayı ixtisaslaşdırılmış orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 98-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı məktəbin rəhbərliyi, Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərliyi ilə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub.
Azərbaycanın dövlət bayramının məhz burada keçirilməsinin öz rəmzi mənası və izahı var. İş ondadır ki, bu şəhər təhsil müəssisəsində Azərbaycan bazar günü məktəbi uğurla fəaliyyət göstərir. Məktəbdə müxtəlif xalqların şagirdləri öz istəklərinə uyğun olaraq Azərbaycan dilini, ədəbiyyatımızı və tariximizi, adət və ənənələrimizi, Azərbaycan xalq rəqslərini öyrənmək imkanı əldə edirlər.
Tədbirin rəsmi hissəsində məktəbin direktoru İrina Lubyanskaya tədbir iştirakçılarını Respublika Günü münasibətilə səmimi təbrik edib, dost xalqa sülh və firavanlıq arzulayıb.
İrina Lubyanskaya məktəbin davamlı dəstəklənməsi və birgə layihələrdə iştiraka görə səfirliyimizə və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib.
Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev gənc həmvətənləriniz üçün yaradılan əla şəraitə görə məktəb rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda diplomat məktəb kitabxanasına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunan, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə nəşr edilən müxtəlif tematikalı çap materialları, eləcə də Heydər Əliyev Fondu tərəfindən təqdim edilən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında obyektiv söz açan rəqəmsal daşıyıcılar, kitablar hədiyyə edib.
Rəsmi hissədən sonra bayram konserti olub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev