SİYASƏT


Kiyevdə 44 günlük Vətən müharibəsi şəhidləri anılıb VİDEO

Kiyev, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə ölkəmizin Ukraynadakı səfirliyində anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin və Özbəkistanın Ukraynadakı səfirləri Yağmur Əhməd Güldərə və Alişir Kurman, Qazaxıstan və Pakistan səfirliklərinin müşavirləri, Ukrayna ali təhsil ocaqlarının, yerli ictimaiyyət nümayəndələri, diaspor fəalları, xarici diplomatik korpusun hərbi attaşeləri, yerli KİV-in qatıldığı toplantıda Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 44 günlük Vətən müharibəsinə dair qısametrajlı videomaterial izlənilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Samir Allahverdiyev qonaqları salamlayaraq onlara dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü çatdırıb.

Sonra çıxış edən ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova Azərbaycanın Xarici İşlər Nazirliyinin Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanatını oxuyub. Səfir bildirib ki, bir il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladı. Bu tədbirlər Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildi. Bu, 44 günlük Vətən müharibəsinin başlanğıcını qoydu. Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa olundu. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi. Bu gün Azərbaycan regionda sülhün, əməkdaşlığın tərəfdarıdır.

Daha sonra tədbirdə çıxış edən Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə, Ukrayna Milli Qvardiyasının mayoru, 1989-cu ildə Qarabağda xidmət etmiş Mixail Savalyuk, Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan ukraynalı polkovnik Aleksey Şvarev, 44 günlük Vətən Müharibəsində şəhid olan Oruc Cəfərovun qardaşı Fərid Cəfərov, Azərbaycanın Ukraynadakı səfirliyinin hərbi attaşesi, polkovnik İlqar Ağayev və digərləri Vətən müharibəsinin zəfərindən danışaraq şəhidlərin ruhunu yüksək ehtiramla yad ediblər.

Qeyd edək ki, tədbir iştirakçılarına “Xarı bülbül” rəmzli döş nişanı paylanıb. Sonda anım tədbirinin iştirakçıları səfirlik tərəfindən açılan xatirə kitabına ürək sözlərini yazıblar.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.