MƏDƏNİYYƏT


Kiyevdə “Azərbaycan ədəbiyyatı Ukrayna dilinə tərcümələrdə” biblioqrafik tədqiqatı dərc edilib

Kiyev, 23 yanvar, AZƏRTAC

TÜRKSOY-un dəstəyi ilə nəşr edilən “Dövlətçiliyin yaradılmasının şərq ənənələri” kitabında ilk dəfə olaraq “Azərbaycan ədəbiyyatı Ukrayna dilinə tərcümələrdə (1917-2020)” biblioqrafik tədqiqatı dərc olunub. Görkəmli şərqşünas alim, akademik Aqatangel Krımskinin 150 illiyinə həsr olunmuş bu kitabın müəllif kollektivinin rəhbəri tarix elmləri namizədi Vladimir Omelçukdur.

AZƏRTAC xəbər verir ki, biblioqrafik tədqiqatın özü Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik məlumat şöbəsi tərəfindən hazırlanıb. Biblioqrafiyanın hazırlanmasında V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının fond və kataloqlarından, retrospektiv göstəricilərdən, dövlət biblioqrafiyasının nəşrlərindən istifadə edilib. Tədqiqat üzərində kitabxananın Beynəlxalq informasiya və xarici əlaqələr şöbəsinin müdiri Tatyana Arseyenko, həmçinin Alina Kolesniçenko, Tatyana Qrişina, Anjela Şumilova, Yulya Fix çalışıblar. Biblioqrafik tədqiqatın redaktoru sosial kommunikasiyalar üzrə elmlər doktoru, V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik məlumat şöbəsinin müdiri Tatyana Dobkodur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk deyib: “V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası Ukraynanın əsas kitabxanasıdır. Burada ölkəmizin ən zəngin kitabxana fondu toplanıb. Məhz bu səbəbdən Azərbaycan ədəbiyyatının Ukrayna dilinə tərcümələrdə tədqiqatı xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan ədəbiyyatının tərcümələri biblioqrafiyada ilk dəfə olaraq kompleks şəkildə və sistemləşdirilərək təqdim olunur.

Kitab bu və digər azərbaycanlı müəllif barədə, onun əsərlərinin Ukrayna dilinə tərcümələrin mövcudluğu barədə maraqlananlara nəhəng kitabxana fondlarının tədqiqatına xeyli vaxt sərf olunmadan bu məlumatları daha tez əldə etməyə imkan verəcək. Qeyd etmək istəyirəm ki, biz V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası ilə birgə mühüm ədəbiyyat layihələrində bu biblioqrafiyadan istifadə etmişik. Xüsusən 2019-cu ildə, dahi şair və mütəfəkkir Nəsiminin 650 illiyinin geniş miqyasda qeyd olunduğu vaxtda biz “Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əsərləri Ukrayna dilinə tərcümələrdə (V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının fondlarında)” adlı tədqiqatın təqdimat mərasimini birgə keçirdik. Səmimiyyətlə ümidvaram ki, biz Nizami Gəncəviyə həsr olunan oxşar tədqiqatı da, pandemiyaya baxmayaraq, təqdim edə biləcəyik”.

Onu da qeyd etmək lazımdır ki, “Dövlətçiliyin yaradılmasının şərq ənənələri” kitabında Azərbaycan tematikasına dair, xüsusən Naxçıvanın siyasi-hüquqi statusu, Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətləri barədə bir sıra materiallar yer alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.