CƏMİYYƏT


Kiyevdə Azərbaycan multikulturalizminə həsr olunan dəyirmi masa təşkil edilib VİDEO

Kiyev, 18 noyabr, AZƏRTAC

Kiyevdə, xarici nümayəndəliklərə xidmət üzrə baş direktorluğun media mərkəzində “Multikulturalizm Azərbaycan xalqının tarixi irsi və milli sərvətidir” mövzusunda dəyirmi masa təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində nəşr edilən “Azerbaijani Multiculturalism. The Treasure of Ethnic Diversity” kitabının təqdimatı da keçirilib. Azərbaycanın Milli Dirçəliş Gününə, həmçinin noyabrın 16-da qeyd edilən Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir. Tədbirin moderatoru qismində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk çıxış edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktorunun müşaviri, professor Aytən Qəhrəman qonaqlar qarşısında onlayn-formatda çıxış edib. Azərbaycanın tarixən multikultural və tolerant ölkə olduğunu vurğulayan Aytən Qəhrəman deyib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Ukraynada Azərbaycan multikulturalizmi konsepsiyasının populyarlaşdırılmasına yönəlmiş çoxsaylı layihələr həyata keçirir və Ukrayna auditoriyası onları həmişə böyük maraqla qarşılayır. Bu, təsadüfi deyil, axı Ukrayna və Azərbaycan xalqlarının, həmçinin ölkələrimizdə yaşayan millətlərin tolerantlıq və dözümlülük anlayışlarına baxışları oxşardır. Bizə dost olan Ukrayna ilə əməkdaşlıq bizim üçün çox mühümdür, axı sizin ölkəniz həmişə Azərbaycanın strateji tərəfdaşlarından biri olub və ölkələrimiz həmişə bir-birini dəstəkləyirlər.

Fürsətdən istifadə edərək, yəqin ki, artıq sizə məlum olan şad xəbərlə bölüşmək istərdim. Azərbaycan Ermənistan tərəfindən işğal edilən ərazilərini geri qaytarıb. Biz təxminən 30 il ərzində ilk dəfə öz torpaqlarımıza ayaq basaraq, biz faktiki monoetnik və monokonfessiyalı ölkə olan Ermənistanın vəhşi hərəkətlərinin nəticələrini gördük. Axı bu ərazilərdə çoxsaylı məbədlər, məscidlər, memarlıq abidələri var idi, indi onlar ya məhv edilib, ya da acınacaqlı vəziyyətdədir. Bütün bu vəhşiliyi görərkən deyə bilərik ki, islamofobiya, antisemitizm və digər oxşar təzahürlərin inkişaf etdiyi ölkələrin gələcəyi yoxdur.

Biz Ermənistanın belə vəhşi hərəkətlərinə və əməllərinə Prezidentimiz İlham Əliyevin sözləri ilə cavab verə bilərik. Prezident multikulturalizm barədə danışanda həmişə bəyan edir ki, multikultiralizmin alternativi olmayıb, yoxdur və olmayacaq”.

Şərqşünas Mixail Yakuboviç (Frayburq Universiteti) öz çıxışında Azərbaycana 2019-cu ildə səfəri zamanı şəxsi müşahidələrinə diqqəti çəkib. O deyib: “Azərbaycan İlahiyyat İnstitutunda oxuduğum mühazirə zamanı bütövlükdə Şərqin, əsasən də Azərbaycanın dini mədəniyyətinə dair müxtəlif baxışların və diskussiyaların yanaşı mövcud olduğunu qeyd etmək dinləyicilər üçün gözlənilməz və eyni zamanda xoş idi. İslamşünaslıq forumunun keçirildiyi zaman (2019-cu il) müxtəlif dinlərin təmsilçiləri ilə tanış olmaq imkanı da şiə-sünni münasibətləri kimi mürəkkəb məsələlərin unikal modelinin necə əldə olunmasının daha bütöv başa düşülməsi üçün bir fürsət idi. Azərbaycanın işğal altında olmuş ərazilərini azad etməsini alqışlamaq və yenidən Azərbaycanın nəzarəti altına keçən ərazilərdə multikulturalizmin Azərbaycan modelinin implementasiya edəcəyinə ümidvar olduğumu bildirmək istərdim”.

“Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin humanitar elmlər fakültəsinin professoru, tarix elmləri doktoru, Ukrayna və Azərbaycan Ziyalıları Assambleyasının rəhbəri Fərhad Turanlı qeyd edib ki, IV-VII əsrlərdə, yəni islam dininin yayılmağa başladığı VII əsrə qədər Qafqaz Albaniyasında xristianlıq rəsmi din olub. Beləliklə, Qarabağ ərazisindəki kilsələr və digər xristian abidələri Azərbaycanın tarixən mədəni və mənəvi irsi olub və bunların ermənilərə heç bir aidiyyəti olmayıb.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin türkologiya kafedrasının dosenti, filologiya elmləri namizədi Zəminə Əliyeva Azərbaycan multikulturalizminin ədəbi-bədii mənbələrindən və Ukrayna auditoriyasının ümumbəşəri dəyərlərin və humanizmin tərənnüm edildiyi müasir və klassik Azərbaycan ədəbiyyatı nümunələri ilə tanışlığına yönələn layihələrin icrasından danışıb.

Tədbir çərçivəsində Azərbaycan multikulturalizmi konsepsiyasının populyarlaşdırılmasına kömək edən Ukrayna gənclərinin təmsilçiləri fəxri fərmanlarla təltif edilib.

Tədbirdə alimlər, universitetlərin müəllimləri, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin, Taras Şevçenko adına Kiyev Milli Universitetinin, Kiyev Mədəniyyət Universitetinin tələbələri, jurnalistlər iştirak ediblər. Tədbir çərçivəsində təqdimatı keçirilən kitab universitetlərin kitabxanalarına hədiyyə edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.