Kiyevdə Azərbaycan və Ukraynanın hakim partiyalarının gəncləri ilə görüş keçirilib









Kiyev, 1 noyabr, AZƏRTAC
Ukrayna Azərbaycanlıları Radasının (UAR) rəhbərliyi Ze! Molodyojka və Yeni Azərbaycan Partiyası gənclər birliyi rəhbərliyi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasında baş tutan görüşü giriş sözü ilə açan UAR-ın həmsədri Oleq Krapivin gənclər siyasətinin önəmindən danışıb. “Ölkəmizdə yaşayan azərbaycanlı gənclər beynəlxalq arenalarda Ukrayna bayrağını dalğalandırırlar”, - deyən UAR-ın həmsədri gəncləri daha çox siyasi arenada da görmək istədiklərini bildirib. O, Ukrayna rəhbərliyini gənclər siyasətinə önəm verməyə, xaricdə təhsil alan gənclərin ölkəyə geri dönmələri üçün əlverişli şərait yaratmağa çağırıb.
Ze! Molodyojkanın lideri, deputat Aleksandr Sançenko yüksək səviyyəli təşkilatçılığa görə UAR rəhbərliyinə təşəkkür edib. Bildirib ki, müəllifi olduğu və Ali Rada tərəfindən qəbul edilən yeni qanun gənclər üçün əlavə perspektivlər vəd edir. “Ukraynada gənclər siyasəti prezident Vladimir Zelenskinin hakimiyyəti dövründə yenidən qurulur. Bu istiqamətdə paytaxt Kiyevdə və regionlarda gənclər üçün mərkəzlərin qurulmasına start verilib. Ümumilikdə 2500 belə mərkəzin qurulması nəzərdə tutulur”, - deyən Ze! Molodyojkanın rəhbəri azərbaycanlı gənclərin uğurlarını izlədiklərini bildirib. Sançenko əlavə edib ki, siyasi səhnədə azərbaycanlı gənclərin daha fəal olması Ukrayna siyasəti üçün də önəmlidir.
Əməkdaşlıq üçün Ze! Molodyojka rəhbərliyinə və Bakıdan gələn qonaqlara təşəkkürünü bildirən Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Ceyhun Məmmədov qeyd edib ki, gənclər diaspor siyasətinin ən vacib istiqamətidir. “Gənclər bizim gələcəyimizdir. Onların doğru yönləndirilməsi bizim və ölkəmizin gələcəyini müəyyənləşdirir”, - deyən baş katib gənclər üçün doğru örnək olmağın vacibliyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Ze! Molodyojka ilə birgə əməkdaşlıq haqqında memorandum imzaladıqlarını bildirib. O, əlaqələrin inkişafının vacibliyini vurğulayıb və Ze! Molodyojka rəhbərliyini Bakıya dəvət etdiklərini bildirib.
UAR gənclər departamentinin rəhbəri Mömünə Səttarova diqqətə çatdırıb ki, soydaşlarımız tərəfindən təsis olunan və Ukraynada fəaliyyət göstərən gənclər təşkilatlarının koordinasiyası istiqamətində işlər aparılır.
UAR-ın aparat rəhbəri Elşad İbrahimov gənclər üçün ortaq düşərgələrin təşkilinin önəmindən danışıb. Bildirib ki, pandemiya şəraitindən əvvəl belə təcrübə olub və ukraynalı gənclər Azərbaycanda yay düşərgəsində iştirak ediblər.
Görüş iştirakçıları daha sonra 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Zəfər yürüşünün ildönümü münasibətilə Ukrayna Azərbaycanlıları Radasında təşkil edilən fotosərgi ilə tanış olublar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev